MƏDƏNİYYƏT
“Qızıl açarlar” beynəlxalq ittifaqı Azərbaycandan olan konsyerji öz sıralarına qəbul edib
Bakı, 27 may, AZƏRTAC
“JW Marriott Absheron Baku” otelinin konsyerji Erkin Əliyev “Qızıl açarlar” Otel Konsyerjlərinin Beynəlxalq İttifaqının (Union Internationale des Concierges d’Hotels “Les Clefs d’Or”) nümayəndəsi seçilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Erkin Əliyev Azərbaycanda bu adın ilk və hələlik yeganə sahibidir. “Qızıl açarlar”ın konsyerjləri qonaqların bütün xahişlərini yerinə yetirməli və həmkarlarına hər bir işdə kömək etməlidirlər. Ötən əsrin ortalarında yaranmış bu təşkilat dünyanın 50 ölkəsində fəaliyyət göstərir və 4000-dək nümayəndəsi var.
“Qızıl açarlar”ın namizədlərinə olan tələblər çox yüksəkdir. Təşkilatın Azərbaycanda milli bölməsi olmadığı üçün ona qoşulmaq istəyənlər qonşu Rusiyada olan bölməyə müraciət etməlidirlər. İddiaçılar minimum 4 il otel sahəsində çalışmalı və onun 3 ilini konsyerj olaraq fəaliyyət göstərməlidirlər.
Bundan başqa, namizəd, təşkilatın fəaliyyət göstərən üzvlərindən 2 tövsiyə məktubu almalıdır. Daha sonra namizədi çətin imtahanlar, layihələr, nadir məlumat və əşyaların axtarışı üzrə tapşırıqların yerinə yetirilməsi və həmçinin oteldə “gizli qonaq” tərəfindən yoxlama gözləyir. Bütün bunlardan sonra icraedici komitə konsyerjin “Qızıl açarlar” ittifaqına qəbulu haqqında qərar verir.
Erkin Əliyevin layihəsi “ACAR - Association Concierge Azerbaijan Republic” adı altında Azərbaycanda milli konsyerjlər assosiasiyasının yaradılması barədə olub. O, hazırda Bakıda beşulduzlu otellərin bütün konsyerjlərinin müntəzəm görüşlərinin fəal iştirakçısıdır və ölkədə otel konsyerji anlayışının gələcək inkişafını planlaşdırır.
Qeyd edək ki, Erkin Əliyev karyerasına Kanar adalarında “Abama Golf & Spa Resort Tenerife” otelində başlayıb. O, otelin bütün şöbələrində təcrübə keçib, lakin konsyerj xidmətində bir ay işlədikdən dərhal sonra artıq öz sənətini tapdığını anlayıb və digər sahələr üzrə fəaliyyətini dayandırıb.