QIZIL XAÇ VƏ QIZIL AYPARA HƏRƏKATININ YENİ EMBLEMİ TƏSDİQ EDİLDİ
Qızıl Xaç və Qızıl Aypara beynəlxalq hərəkatının Nizamnaməsinə lazımi düzəlişlər edilməsini Cenevrədə keçirilmiş beynəlxalq konfrans iştirakçılarının 237-si dəstəkləmiş, 54 nəfər əleyhinə səs vermiş, 18 nəfər bitərəf qalmışdır.
Yeni əlavə emblem hazırda fərqləndirici nişan kimi Davidin ulduzundan istifadə edən İsrailin Magen David Adom (MDA) xilasetmə xidmətinə bu beynəlxalq hərəkatın tamhüquqlu üzvü olmağa imkan verəcəkdir. İsrail ilə Fələstin arasında keçən ilin dekabrında əldə edilmiş saziş bu hadisəyə doğru yolda əsas addım olmuşdur. Belə ki, sazişdə MDA Fələstin Qızıl Aypara Cəmiyyətinin işğal olunmuş ərazilərdə suverenliyini tanımışdır.
Yeni emblemi təsdiq etmək üçün Cenevrədə beynəlxalq konfrans çağırılmışdır. Forumda 183 milli qızıl xaç və qızıl aypara cəmiyyətinin, Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və Cenevrə konvensiyalarının üzvü olan 192 ölkənin mindən çox nümayəndəsi iştirak etmişdir.
Gözlənilirdi ki, konfransın yekun qətnaməsi konsensus əsasında qəbul olunacaq, lakin İslam Konfransı Təşkilatının (İKT) ölkələri yeni emblemin əleyhinə çıxdılar və məsələ səsə qoyuldu. Düzəlişlərin qəbul edilməsi üçün iştirakçıların səslərinin üçdə iki hissəsini toplamaq lazım idi.
İKT ölkələri İsrail tərəfindən 1967-ci ildə işğal olunmuş bütün ərazilər üçün bərabər şərait tələb edən düzəlişlərin yekun qətnaməsində öz əksini tapması barədə təklif irəli sürmüşdülər. Bu düzəlişlər İsrail üçün məqbul deyildi, çünki bu halda o, təkcə Fələstinin deyil, həm də Suriyanın (Colan təpələri) və Livanın (Şəbaa fermaları) qızıl Aypara cəmiyyətlərinin suverenliyini tanımalı idi.
Ekspertlər hesab edirlər ki, “qırmızı kristal” (ağ fonda qırmızı kvadrat) bitərəf emblemdir, heç bir milli, dini və ya mədəni yük daşımır.
İndiyədək Qızıl Xaç və Qızıl Aypara hərəkatı öz embleminə daxil olan ancaq iki rəmzi - qızıl xaç və qızıl aypara rəmzlərini tanıyırdı.
Ağ fonda qızıl xaç emblem kimi 1864-cü ildə qəbul olmuşdur. O da dini yük daşımır - bu, İsveçrə bayrağının surətidir, təkcə rəngləri əksinədir. Lakin 1877-78-ci illərdə Rusiya-Türkiyə müharibəsi dövründə Osmanlı imperiyası bu emblemdən istifadədən imtina edərək, onu qızıl aypara ilə əvəzləmişdir. Cenevrə konvensiyaları qızıl ayparanı rəsmi emblem kimi 1929-cu ildə tanımışdır.