QLOBALLAŞMA İLƏ BAĞLI MİLLİ SEMİNAR ÖZ İŞİNƏ BAŞLADI
Seminarı İİM, habelə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) keçirirlər. İkigünlük tədbirdə respublikamızın idarəetmə sistemində çalışan mütəxəssislər adıçəkilən regiona daxil olan ölkələrdə iqtisadi sistemin transformasiyası, dünya iqtisadiyyatına inteqrasiya, ticarətin və sərmayə fəaliyyətinin sərbəstləşdirilməsinə dair həyata keçirilmiş islahatlar təcrübəsi ilə tanış olacaq, qloballaşma ilə bağlı məsələlərin həlli barədə fikir mübadiləsi aparacaqlar.
Seminarın birinci günü UNESCAP-ın ticarət və investisiya şöbəsinin iqtisadi işlər üzrə əməkdaşı Mark Prokç “Qloballaşma vasitəsilə Asiya və Sakit okean regionunun inkişafı”, yoxsulluq və inkişaf şöbəsinin iqtisadi işlər üzrə əməkdaşı Yevgeni German “Asiyanın keçid iqtisadiyyatı ölkələrində qloballaşmanın iqtisadi, sosial və humanitar inkişafa təsiri”, qurumun məsləhətçisi və Moskvadakı Yeni İqtisadi Məktəbin professoru Vladimir Popov “Ayrı-ayrı Asiya ölkələrində ticarətin və sərmayələrin sərbəstləşdirilməsinin sürəti və ardıcıllığı” mövzularında məruzələr etmişlər.
Sonra məruzələr ətrafında müzakirələr olmuşdur.
Avqustun 29-da seminar öz işini davam etdirəcəkdir.