Qobustan abidələri tədqiqatçısının yubileyi qeyd olunub
Bakı, 25 noyabr, AZƏRTAC
Qobustan Milli Tarix-Bədii Qoruğunda tanınmış arxeoloq, tarix üzrə fəlsəfə doktoru, Qobustan abidələrinin tədqiqatçısı Firuzə Muradovanın 85 illik yubileyi münasibətilə tədbir keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev Firuzə Muradovanın Qobustan abidələrinin tədqiqi və öyrənilməsi işindəki xidmətlərindən danışıb.
Xalqımızın milli sərvəti olan Qobustan qayaüstü təsvirlərinin öyrənilməsində Firuzə Muradovanın müstəsna xidmətləri olduğunu diqqətə çatdıran AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli onun yorulmaz elmi fəaliyyətini yüksək qiymətləndirib.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova alimin mənalı həyat yolu və səmərəli iş fəaliyyətindən söz açıb, Qobustan abidələrinin arxeoloji tədqiqatlarını Firuzə Muradovanın elmi nailiyyətləri sırasında qeyd edib.
Tədbirdə yubilyar haqqında videoçarx nümayiş olunub. Yubilyara Qobustan Milli Tarix- Bədii Qoruğu adından fəxri fərman və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Firuzə Muradova 100-dən çox elmi əsərin, “Qobustan tunc dövründə”, “Qobustan petroqlifləri”, “Kiçikdaş abidələri” kitablarının müəllifidir.