Qobustanda pandemiya təhlükəsinə qarşı mübarizə tədbirləri gücləndirilir
Qobustan, 12 aprel, AZƏRTAC
Qobustan rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əsasən koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayon mərkəzindəki küçələr, çoxmənzilli yaşayış evləri, inzibati binalar, məcburi köçkünlərin məskunlaşdığı şəhərcik, kəndlərdəki inzibati binalar qrafikə əsasən mütəmadi olaraq dezinfeksiya edilir.
Rayon gigiyena və epidemiologiya mərkəzinin işçiləri ötən gün Qobustan şəhərindəki Heydər Əliyev prospektini, Ş. Şikarov, İ.Beydullayev küçələrini, Yeni Massivdəki küçələri, parkları, xiyabanları, məşğulluq mərkəzini, bankomatların ərazisini xüsusi məhlulla dezinfeksiya ediblər.
Qeyd edək ki, gücləndirilmiş karantin rejimi şəraitində əhali arasında maarifləndirici söhbətlər aparılır, tənha ahıl və aztəminatlı ailələrə yardımlar göstərilir.