Qreta Tunberqə növbəti dəfə hökm çıxarılıb
Stokholm, 12 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Bu ilin iyun ayında Qreta Tunberqin başçılıq etdiyi İsveç ekoaktivistləri qrupu qazıntı yanacağın istifadəsinə qarşı etiraz olaraq Malmödə neft limanının yanında yük avtomobillərin hərəkətini dayandırıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, polis bunu icazəsiz yığıncaq hesab edərək, aktivistlərdən yoldan uzaqlaşmalarını xahiş edib. Onlara qarşı hüquq-mühafizə orqanlarına tabe olmamaq ittihamı irəli sürülüb.
İyulun 24-də Malmö rayon məhkəməsində Qretaya bir ay ərzində ödəmək şərti ilə gündə 5 ABŞ dolları, habelə Cinayət Qurbanlarına Dəstək Fonduna 92 ABŞ dolları məbləğində inzibati cərimə şəklində cəza təyin olunub.
Hökmün çıxarılmasından cəmi bir neçə saat sonra Qreta oxşar aksiya keçirib, bundan sonra isə polis onu saxlamağa məcbur olub.
Oktyabrın 12-də Malmö rayon məhkəməsi hüquq-mühafizə orqanlarına tabe olmadığına görə Qretanı növbəti dəfə cərimələyib.
Cərimənin məbləği üç dəfə artıb, Qreta 90 gün ərzində 5 ABŞ dolları, habelə Cinayət Qurbanlarına Dəstək Fonduna 92 ABŞ dolları ödəməlidir. Aktivist özü hüquq pozuntularını inkar edir və təcili olaraq müdafiə tələb edir. Jurnalistlərin ona “fəaliyyətinə görə azadlıqdan məhrum olmağa hazır olması” barədə verdiyi suala Qreta belə cavab verib: “İqlim böhranı - həyatı, sağlamlığı, əmlakı təhdid edən təhlükədir. Mən fəaliyyətimə davam edəcəyəm, bunun daha sərt cəzası olub-olmayacağını isə zaman göstərəcək”.