QSC-nin Tullantıların Emalı Departamenti ilin birinci yarısını uğurla başa vurmuşdur
Bakı, 13 iyul (AZƏRTAC). Ətraf mühitin mühafizəsi sahəsində çirkab-sənaye, tullantı sularının və parafinin təmizlənməsi, neft şlamının emalı və zərərsizləşdirilməsi kimi ekoloji layihələr həyata keçirən “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tullantıların Emalı Departamenti (TED) ilin birinci yarısını uğurlu göstəricilərlə başa vurmuşdur.
TED-in 6-cı sahəsində Heydər Əliyev adına Bakı neft emalı zavodunun 10 min 935 ton neft şlamı emal edilərək zərərsizləşdirilmiş, 4 milyon 998 min kubmetr sənaye çirkab suları təmizlənmişdir. Bu dövrdə TED-in “Parafin təmizləmə sexi”ndə “bp Exploreyşn (Caspian SEA) LTD-dən daxil olan 62 tonadək ərsin parafini təmizlənmişdir.
Departamentin 7-ci sahəsində “Azərneftyağ” neft emalı zavodunda texnoloji proseslər nəticəsində formalaşan 5 min 127 ton neft şlamı emal olunaraq zərərsizləşdirilmiş, 5 milyon kubmetrdən çox sənaye çirkab suları norma həddinədək təmizlənmişdir.
Bununla yanaşı, TED-in 6-cı sahəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsindən və qaz emalı zavodundan, “Suraxanı OYL” Operation Company S.A.-dan, İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanma İdarəsindən, Dövlət Xəzər Dəniz Gəmiçilik İdarəsindən və s. daxil olan 19 min 137 kubmetr məişət, yağlı və tullantı suları qəbul edilərək təmizlənmiş, 1min 417 tonadək neft şlamı, su əsaslı palçıq, yağlı şlam və torpaq emal edilərək zərərsizləşdirilmişdir.
QSC ilə ARDNŞ-in Neft Kəmərləri İdarəsi arasında bağlanmış müqaviləyə əsasən, TED may ayından Dübəndi neft terminalında da fəaliyyətə başlamışdır. Müqavilənin şərtlərinə əsasən, Departamentin 5-ci sahəsi terminalda formalaşan məişət-təsərrüfat, çirkab axıntı və neftlə çirklənmiş suların təmizlənməsi, eləcə də neft şlamının emalı və zərərsizləşdirilməsi işlərini həyata keçirir .