Qubada 360 şagird yerlik yeni məktəb binası tikilir
Quba, 27 dekabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Bağbanlı qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası inşa olunur.
İş icraçısı Niyazi Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta məktəbin köhnə binası 54 il öncə tikilib. Binada tədris prosesini müasir dövrün tələblərinə uyğun təşkil etmək mümkün deyildi. Buna görə də istismar müddətini başa vuran binanın yerinə yeni, müasir məktəb binası inşa olunur.
Müasir, ikimərtəbəli yeni binanın tikintisinə oktyabr ayından başlanılıb. Hazırda birinci mərtəbənin inşası həyata keçirilir. Binada sinif otaqları, laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman və akt zalı, kitabxana və yeməkxana olacaq.
Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.
Məktəb binasının növbəti tədris ilinin başlanmasına kimi istifadəyə verilməsi nəzərdə tutulub.
Məktəbin şagirdlərinin 2022-2023-cü tədris ilində təhsil alması üçün qəsəbədəki Folklor evində şərait yaradılıb. Təhsil ocağında 270 şagird elmin sirlərini öyrənir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son üç ildə şimal bölgəsinin beş rayonunda ümumilikdə 25 məktəb binası yenidən tikilib və ya təmir olunub.
Qubada Zəki Kərimov adına Birinci Nügədi kənd tam orta məktəb, Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəb, Siyəzəndə Mikayıl Müşfiq adına şəhər 2 saylı tam orta məktəb, Şabranda isə Səməndər Musayev adına Uzunboyad tam orta məktəb üçün yeni binalar inşa edilib.
Bundan əlavə, son üç ildə bölgədə 18 yeni modul tipli məktəb quraşdırılaraq istifadəyə verilib. Hazırda Qubanın Vəlvələ və Bağbanlı kəndlərində yeni məktəb binalarının, Digah kəndində isə məktəb binası üçün yeni korpusun tikintisi davam edir. Xaçmaz rayonunda isə Qusarçay kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılır. Bölgədə daha üç modul tipli məktəb binası quraşdırılmaqdadır.