Qubada xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsinin ilk mərhələsi başa çatıb
Bakı, 27 may, AZƏRTAC
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsinin birinci mərhələsi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında fəaliyyət göstərən uşaq musiqi və uşaq incəsənət məktəblərində təhsil alan xalq çalğı alətləri ifaçıları iştirak ediblər.
Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirilməyə əsasən uğur qazanan şagirdlər iyunun 7-9-da Bakı şəhərində keçiriləcək müsabiqənin ikinci turunda iştirak edəcəklər.
Müsabiqə ölkəmizdə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə təşkil olunub.