Qubadlı məktəblilərinin "Əsgərə məktub" layihəsi davam edir
Sumqayıt, 22 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı rayon ümumi təhsil müəssisələrinin şagirdlərinin "Əsgərə məktub" layihəsi davam edir. Bu dəfə məktublar Vətən müharibəsini qalibiyyətlə başa vuran, öz torpaq bütövlüyünü bərpa edən, işğalçı qüvvə üzərində zəfər çalan Azərbaycan Ordusunun əsgərlərinə ünvanlanıb.
AZƏRTAC xəbər verir ki, müharibə dövründə olduğu kimi Novruz bayramı ərəfəsində də xalqımızın birliyini simvolizə edən çoxsaylı məktublar Vətənin keşiyində dayanan əsgərlərə göndərilib. Məktublarda şagirdlər öz arzu və istəklərini bildirir, bayram təbriklərini çatdırır, onlarla qələbə sevinclərini bölüşüblər. Hər məktub bir məktəblinin Ordumuza, ordumuzun əsgərinə səmimi müraciəti, onun Vətən sevgisi ilə döyünən ürəyinin diqtəsidir.
Müzəffər ordumuzun qəhrəman əsgərləri işğaldan azad olunmuş torpaqlarda bayram tonqalı ətrafında məktəblilərimizin göndərdiyi məktubları oxuyaraq yalnız olmadıqlarını, bütün Azərbaycan xalqının ürəyinin onlarla birlikdə Qarabağda, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Füzulidə, Ağdamda, Laçında, Kəlbəcərdə döyündüyünü hiss edəcəklər.