Qubalı şəhid ailələrinə dövlət təltifləri təqdim olunub
Sumqayıt, 7 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan oğulların dövlət təltifləri onların ailələrinə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, ölkəmizdəki xalq-iqtidar-ordu birliyi, sözün əsl mənasında, “dəmir yumruğa” çevrildi. Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi. Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qətiyyəti və əzmkarlığı dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olundu.
Məhz Azərbaycan oğullarının igidliyi sayəsində bu gün ərazi bütövlüyümüz bərpa edildi. 44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürurumuzdur. Şəhidlərimiz unudulmur, bəşəriyyət var olduqca onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar.
Tədbirdə Prezident İlham Əliyevin Sərəncamı ilə Qasımov Faiq Qaçay oğlunun təltif olunduğu (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” ordeni şəhidin oğlu Qasımov Zamin Faiq oğluna təqdim olundu. Həmçinin şəhid Ağayev Vüqar Əhməd oğlunun təltif olunduğu (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” ordeni şəhidin oğlu Ağayev Pərvin Vüqar oğluna təqdim edildi. Eyni zamanda şəhid Məhərrəmov Ülvi Tahir oğlunun təltif olunduğu (ölümündən sonra) “Vətən uğrunda” medalı şəhidin atası Məhərrəmov Tahir Camal oğluna və şəhid Mustafayev Rüfət Zöhrab oğlunun təltif olunduğu (ölümündən sonra) “Vətən uğrunda” medalı şəhidin atası Mustafayev Zöhrab Şamxal oğluna təqdim olundu.
Daha sonra şəhidlərin ailə üzvləri onlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.