SİYASƏT
Quram Marxuliya: Azərbaycan Prezidentinin Gürcüstana səfəri qarşılıqlı münasibətlərimizin inkişafı üçün yeni səhifə açıb
Tbilisi, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana bu səfəri ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərimizin inkişafı üçün yeni səhifə açdı. Əgər biz, müzakirə olunan məsələlərə, eləcə də Azərbaycan Prezidenti və Gürcüstan Baş nazirinin bəyanatlarına diqqət yetirsək görərik ki, bizim dostluq, qardaşlıq əlaqələrimiz üçün yeni mərhələ başlayıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq, Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru tarixçi alim Quram Marxuliya söyləyib.
Onun sözlərinə görə, hazırda dünyada çox mürəkkəb proseslər gedir. Avropanın və bütün dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsinə cəlb olunub. Belə bir vaxtda dünyaya yeni mesajlar vermək, yeni inkişaf strategiyası təqdim etmək çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin Praqa görüşündə irəli sürdüyü təklifə Gürcüstan da dəstək verir. Qafqaz platformasının yaranması təkcə bu iki xalqın deyil, bütövlükdə region dövlətlərinin mənafeyinə xidmət edir.
“Onu da nəzərə almalıyıq ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları var. Azərbaycanın çox mühüm, irimiqyaslı enerji, nəqliyyat, logistika və digər layihələri var. Nəzərə alsaq ki, bu layihələr Gürcüstan ərazisindən keçir, bunun əhəmiyyətini görməmək mümkün deyil.
Gürcüstan hökuməti də bunu görür, qiymətləndirir və Azərbaycan Prezidentinin sülhə, sabitliyə və regionun inkişafına xidmət edən təkliflərini dəstəkləyir” - deyə politoloq vurğulayıb.
Tarixçi alim hesab edir ki, ölkələrimiz arasında əbədi sülh sazişi olmalıdır. Bu cür saziş əbədi sülhü təmin edər, bizi daha parlaq gələcəyə aparar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi