Qurban Qurbanov üçün revanş anı – “Qarabağ” İtaliyadan yaxşı nəticə ilə qayıda biləcəkmi?
Bakı, 25 noyabr, AZƏRTAC
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda İtaliyada “Napoli” ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, bu, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla “Napoli”nin çalışdırıcısı Antonio Kontenin sayca üçüncü dueli olacaq.
İki mütəxəssis daha əvvəl də Çempionlar Liqasında üz-üzə gəliblər. 2017-2018-ci illər mövsümündə turnirin qrup mərhələsində Konte İngiltərənin “Çelsi” klubunun baş məşqçisi kimi Qurbanova rəqib olub. Həmin vaxt C qrupunda çıxış edən komandalar əvvəlcə Londonda, daha sonra isə Bakıda qarşılaşıblar. Hər iki görüşdə ingilislər qələbə qazanıblar. İlk oyunda 6:0, ikinci matçda isə 4:0 hesablı nəticə qeydə alınıb.
“Napoli” ilə matç, həmçinin “Qarabağ”ın İtaliya klublarına qarşı 7-ci rəsmi dueli kimi tarixə düşəcək. Azərbaycan təmsilçisi UEFA Avropa Liqasının 2014-2015-ci illər mövsümündə “İnter”lə (0:2, 0:0), 2016-2017-ci illər mövsümündə "Fiorentina" ilə (1:5, 1:2) qarşılaşıb. 2017-2018-ci illər mövsümündə isə rəqib “Roma” olub. Çempionlar Liqasının qrup mərhələsinə təsadüf edən hər iki matçda İtaliya təmsilçisi qalib gəlib - 2:1, 1:0.
Qeyd edək ki, “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” oyunu Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq. İlk 4 turdan sonra 7 xalı olan Ağdam klubu turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Neapol təmsilçisi isə 4 xalla 24-cü sırada yer alıb.