İDMAN
Qurban Qurbanov: Uzun illər sonra gözlənilən uğuru əldə etdik
Bakı, 15 dekabr, AZƏRTAC
Uzun illər sonra gözlənilən uğuru əldə etdik. Təkcə futbolçular yox, bütün azarkeşlər bu günü gözləyirdilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi UEFA Avropa Liqasının qrup mərhələsində evdə İsveçin “Hekken” klubuna 2:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı mətbuat konfransında deyib.
Əlli bir yaşlı mütəxəssis bu nəticənin Azərbaycan futboluna böyük töhfə verəcəyini bildirərək deyib: “Bu gün İsveç təmsilçisi ilə matçda yaxşı müdafiə olunduq. İndiyədək elə oyunlar oldu ki, son dəqiqələrdə qələbəni əldən vermişdik, əlimizə düşən fürsətdən istifadə edə bilməmişik. Amma illərlə gözlədiyimiz nəticəyə bu gün nail olduq. Etdiyimiz səhvləri unutmalı və yolumuza baxmalıyıq. Çətinlik və çatışmazlıqlardan narahat idik. Zədələnmiş oyunçuların olması problem törədirdi. Amma mən bütün futbolçularıma güvənirdim. Onların oyundan-oyuna təcrübələrinin və səviyyələrinin artdığını görürdüm. Azarkeşlər tərəfindən edilən tənqidlər bizim daha çox işləməyimizə səbəb olur”.
Baş məşqçi hazırda komandada futbolçuların səhhəti ilə bağlı ciddi problem olmadığını vurğulayıb.
“Oyunçularla fərqli klublardan maraqlananlar var. Amma biz onları əldən vermək istəmirik. Çalışırıq ki, komandanı qoruyub saxlayaq. Futbolçuların bəziləri "Qarabağ"a gələndən sonra səviyyələrini artırıblar. Təkliflər olarsa, dərindən düşünəcəyik”, - deyə o diqqətə çatdırıb.
Ağdam təmsilçisinin sabiq oyunçusu Kadi Borgesin yenidən kluba dönüb-dönməyəcəyinə aydınlıq gətirən Q.Qurbanov deyib: “Gedən futbolçularımıza qapımız həmişə açıqdır. Burada onun üçün hər şey yaxşı idi. Onun dönməsi ilə bağlı bir durum olarsa, biz əlbəttə ki, yox demərik”.
Q. Qurbanov klubun bombardiri Juninyo haqqında da fikirlərini bölüşüb. O qeyd edib: “Juninyo sərt xarakterə malik biridir. Onunla bəzən söhbətimiz olur. Buraya gəlmədən əvvəl daha fərqli futbol oynayırdı. Böyük klublara qarşı oynayıb, Portuqaliya futbolu görüb, amma formasını geyindiyi heç bir klubda “Qarabağ”da olduğu qədər məsuliyyətli olmayıb. Burada işinə daha ciddi və sevgi ilə yanaşır. O da görür ki, bu klubda məsuliyyət əsas amildir. Mən də hər zaman ona inamımı və güvənimi bildirirəm. Bundan sonra da ondan daha artığını gözləyirik”.
Qeyd edək ki, xallarını 10-a çatdıran “Köhlən atlar” ilk dəfə Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.