“QUŞ QRİPİ”NƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM EDİR
Xidmətin rəisi İsmayıl Həsənov Beynəlxalq Epizootik Büronun son məlumatlarını diqqətə çatdırmış və bildirmişdir ki, “quş qripi” xəstəliyi qonşu Rusiya, Türkiyə və İranda, həmçinin Avropa ölkələrinin bir çoxunda qeydə alınmışdır. Bu təhlükəli xəstəlikdən heç bir ölkə sığortalanmayıb, bununla belə, vaxtında lazımi tədbirlər görülərsə, xəstəliyin yayılmasının qarşısını almaq mümkündür.
İsmayıl Həsənov xəstəlik müəyyən edilmiş ölkələrdən Azərbaycana toyuq əti, yumurta, yem, yem əlavələri və baytarlıq xidmətinin nəzarətində olan yüklərin gətirilməsinin qadağan edildiyini, dövlət sərhədlərindəki baytarlıq məntəqələrinin ciddi iş rejiminə keçirildiyini, ölkə ərazisində köçəri quşların ovlanma, satılma və ondan ərzaq kimi istifadə olunmasının dayandırıldığını və sair tədbirlər görüldüyünü xatırlatmışdır. Onu da bildirmişdir ki, Dövlət Baytarlıq Xidməti əhalini vaxtında məlumatlandırmaq məqsədi ilə xüsusi plakat hazırlayıb çap etdirmişdir.
Dövlət Baytarlıq Xidmətinin rəhbəri vaksin, avadanlıq, dezinfeksiyaedici maddələr, diaqnostikumlar, müvafiq avtomaşın və digər qurğuların alınması üçün büdcədən vəsait ayrıldığı barədə məlumat vermiş və bildirmişdir ki, əhalinin quşları dövlət vəsaiti hesabına peyvənd edilsə də, fabriklər bu işi öz vəsaitləri hesabına həyata keçirəcəklər.
Toplantıda alınacaq vaksinin xüsusiyyətlərinin dərindən öyrənilməsi və ehtiyat üçün saxlanılmasının vacibliyi vurğulanmış, səhiyyə, ekologiya və təbii sərvətlər nazirlikləri ilə birgə tədbirlər planı hazırlandığı bildirilmişdir.