“QUŞ QRİPİ”NƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ GÜCLƏNDİRİLİR
Kürqırağı zonanın və Mingəçevir su anbarının köçəri quşların əsas qışlama yerlərindən olduğunu nəzərə alaraq, xəstəliyin şəhər ərazisinə keçməsinin qarşısını almaq məqsədi ilə quş, quş əti və quşçuluq məhsullarının şəhərə gətirilməsi üzərində nəzarət gücləndirilmiş, köçəri quşların ovlanması və satışı qadağan olunmuş, naməlum səbəblərdən ölmüş və xəstə quşların müayinəsi üçün diaqnostik laboratoriya xidməti təşkil edilmiş, xəstəliyin profilaktikası və müalicəsi üçün tibb müəssisələri lazımi dərman preparatları, dezinfeksiyaedici maddələrlə təmin olunmuş və onların ehtiyatı yaradılmışdır. Quş əti və quşçuluq məhsullarının istehsalı, ticarəti, iaşə obyektlərində sanitariya və sanitariya-baytarlıq qaydalarına tam əməl edilməsinə nəzarət təmin olunmuşdur. Şəhər ərazisində heyvandarlıq məhsullarının istehsalı, emalı, bazarlarda, ticarət obyektlərində, yaşayış məhəllələrində və küçələrdə quş əti, yumurta satışında ciddi qayda yaradılmışdır. Eyni zamanda, qanunla müəyyən olunmamış yerlərdə mal-qara kəsilməsini qadağan etmək, kəsim tullantılarının zərərsizləşdirmədən kanalizasiyaya və zibilxanalara tökülməsinin, mənşəyi bilinməyən və sağlamlığı barədə rəsmi baytarlıq şəhadətnaməsi olmayan heyvanların şəhərə gətirilməsinin qarşısını almaq üçün tədbirlər görülmüş, yaşayış məhəllələrində, fərdi təsərrüfatlarda, qaçqın və məcburi köçkün ailələrinin sıx yaşadıqları yerlərdəki ev quşlarının köçəri quşlarla təmasının minimuma endirilməsi, tam qapalı şəraitdə saxlanması, “quş qripi” xəstəliyindən müdafiə məqsədi ilə sanitariya maarifi işi gücləndirilmişdir.