QUŞ QRİPİNƏ QARŞI ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜR
Tovuz rayon baytarlıq xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda rayonda quş qripinə qarşı mübarizə tədbirləri görülür. Xidmət gücləndirilmiş iş rejiminə keçmiş, xüsusi geyim və dezinfeksiya dərmanları ilə təchiz olunmuşdur.
Rayonda müvafiq təşkilatların nümayəndələrindən ibarət qərargah yaradılmışdır. Rayon ərazisində monitorinqlər keçirilir, aşkarlanmış ölü quşlardan nümunələr götürülərək, respublika baytarlıq laboratoriyasına göndərilir. Rayon ərazisində diri quşların satışına qadağa qoyulmuşdur.