Qusar Dövlət Ləzgi Dram Teatrında “Pərixanım” tamaşası hazırlanıb
Qusar, 10 iyul, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı dramaturq İdris Şamxalovun “Pərixanım” tamaşasını hazırlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhnə əsəri sentyabrda, 32-ci teatr mövsümünün açılışında tamaşaçılara təqdim olunacaq.
Səhnə əsərində imkanlı dindar Hacı Sayadın qızı Pərixanımın başına gələnlərdən bəhs olunur. Tamaşada əsas rollarda 14, kütləvi səhnələrdə 30 aktyor rol alıb.
Tamaşanın quruluşçu rejissoru Bağır Əhmədov, rəssamı Bədəl Bədəlov, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
Qusar Dövlət Ləzgi Dram Teatrı mövsümə görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyası ilə yekun vuracaq. Səhnə əsəri qusarlı tamaşaçılara və rayonun qonaqlarına Mahmud Əbilov adına meydanda açıq havada təqdim olunacaq.
Teatrın direktoru Faiq Qardaşov bildirib ki, iyulun 18-i axşam saatlarında tamaşaçılar “Hekayəti-xırs-quldurbasan” komediyası ilə yanaşı, milli rəqslər və folklor nümunələrindən ibarət musiqili proqramı da izləmək imkanı qazanacaqlar.