Qusarlı şagird və müəllimlərə xizək sürmək öyrədilir
Bakı, 15 aprel, AZƏRTAC
Qusar məktəbləri Şahdağ Turizm Mərkəzində xizəksürmə təlimləri keçiblər.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xizəksürmə üzrə beynəlxalq dərəcəli təlimçinin apardığı məşğələlərdə ilkin təhlükəsizlik qaydaları, avadanlıqlardan istifadə, xizəksürmə vərdişləri və texnikası öyrədilib.
Bildirilib ki, bu ilin yanvar-mart aylarını əhatə edən üç aylıq təlimlərdə ümumilikdə 800 nəfərədək 10-16 yaşlarında şagirdlər və məktəb müəllimləri iştirak ediblər.
Təlimlərin əsas məqsədi ölkəmizin ilk qış turizm mərkəzi olan Şahdağ Turizm Mərkəzinin ilk növbədə yerli sakinlərin rifahına xidmət etməsi və onların qış idman növlərini daha mükəmməl mənimsəmələrinə nail olmaqdır.
İlkin təlimlərdən sonra şagirdlər Şahdağ Turizm Mərkəzində təlim sessiyasına qatılıblar. Sessiya 12 qrupda birləşən 250 şagird və müəllimi əhatə edib.