RABİTƏ İŞÇİLƏRİNİN RESPUBLİKA SPARTAKİADASI BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 1-də Bakı İdman Sarayında “Sağlamlıq-2007” devizi altında rabitə işçilərinin respublika spartakiadası start götürmüşdür.
Spartakiadanın təntənəli açılış mərasimində qeyd olunmuşdur ki, artıq ənənə şəklini almış bu yarışda 700 nəfər idmançı iştirak edir. Onların sırasında dünya və Avropa, respublika birinciliklərinin qalibləri vardır.
Tədbirdə çıxış edən spartakiadanın təşkilat komitəsinin sədri, rabitə və informasiya texnologiyaları nazırinin müavini İltimas Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirmişlər ki, rabitə sahəsini əhatə edən spartakiada iştirakçılarının sayının artması idmana olan marağın göstəricisidir. Bu baxımdan spartakiadanın təşkili də idmanın kütləviliyində müsbət rol oynayacaqdır.
Azərbaycanda idmanın inkişafından danışan natiqlər vurğulamışlar ki, məhz ümummilli liderimiz Heydər Əliyevin və ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin idmana diqqət və qayğısı nəticəsində respublikamızın hətta ucqar rayonlarında beynəlxalq standartlara uyğun olimpiya-idman kompleksləri tikilib istifadəyə verilmişdir.
Nəzərə çatdırılmışdır ki, ölkəmizdə digər sahələr kimi idmanın da sürətli inkişafı beynəlxalq qurumların diqqətindən yayınmamışdır. Son illər müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının Azərbaycanda keçirilməsi buna bariz nümunədir.
Bildirilmişdir ki, artıq Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. 2016-cı ildə keçiriləcək Olimpiya Oyunlarına paytaxt Bakı şəhərinin öz namizədliyini irəli sürməsi bu reallığın əyani göstəricisidir.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Mərasim açıq elan olunduqdan sonra bədii kollektivlər və gənc idmançılar öz ustalıqlarını nümayiş etdirmişlər.
Sonda spartakiadanın oyunlarına start verilmişdir.