RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİNİN BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
Xarici işlər, təhsil nazirliklərinin, AMEA-nın, özəl şirkətlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də dəvət olunduğu iclası açan nazir Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin rabitə və yüksək informasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirdiyini və bunun nazirliyin üzərinə böyük vəzifə qoyduğunu vurğulamışdır.
Sonra nazirliyin beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsinin müdiri Ayaz Bayramov gündəliklə bağlı məruzə etmişdir. O, beynəlxalq əlaqələrin qurulması, inkişafı və təkmilləşdirilməsi sahəsində görülmüş işləri xatırladaraq bildirmişdir ki, 2004-cü ildən bəri bu sahədə 29 sənəd, o cümlədən 7 saziş, 8 anlaşma memorandumu, 13 protokol, 1 qərar imzalanmışdır. Hazırda 19 sənəd hazırlanmış və qarşı tərəfə təqdim olunmaq üçün Xarici İşlər Nazirliyinə və Nazirlər Kabinetinə göndərilmişdir.
Məruzəçi İsveçin Çalmers Texnologiya Universitetinin köməyi ilə Kaspian İnformasiya Texnologiyaları Universitetinin yaradılması üçün görülmüş işlərdən də danışmışdır. O, həmçinin məlumat vermişdir ki, builki test imtahanlarında ən yüksək bal toplamış 2-3 gənc 2007/2008-ci tədris ilində təhsilini Vaşinqtondakı Corc Meyson Universitetində davam etdirəcəkdir. Bundan əlavə, Malayziya 2 azərbaycanlı mütəxəssisin bu ölkənin İnformasiya Texnologiyaları Universitetində pulsuz təhsil almasına razılıq vermişdir. 2007/2008-ci tədris ilinin qəbul imtahanlarında müvafiq ixtisas üzrə ən yüksək bal toplamış 2 nəfər bu ölkəyə göndəriləcəkdir. Məruzədə ilin sonunadək Azərbaycan rabitəçilərinin iştirak edəcəyi beynəlxalq tədbirlər də xatırladılmışdır.
Nazirliyin şöbə müdiri Əflatun Məmmədovun İP-Telefoniyanın respublikamızda tətbiqinə dair məruzəsi də maraqla dinlənilmişdir.
Müzakirələrdə “Sinam” şirkətinin prezidenti Elçin Əliyev, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, “Azevrotel” BM-in şöbə müdiri Sübhi xanım Qəhrəmanzadə fikirlərini bölüşmüşlər.
Kollegiya iclasında Prezidentin İcra Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Elmir Vəlizadə çıxış etmişdir.