Radiasiya Problemləri İnstitutunda “Qadın gülərsə” adlı tədbir
Bakı, 7 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadın gülərsə” adlı tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev Azərbaycan qadınının ölkənin ictimai-siyasi və mədəni həyatındakı rolundan danışıb, tariximizdə önəmli xidmətləri olan qadın simalar haqqında iştirakçılara məlumat verib. İnstitutun qadın əməkdaşlarını təbrik edən İ.Mustafayev onların elmi-ictimai fəaliyyətinə də toxunub, həmçinin onları beynəlxalq əməkdaşlıq əlaqələrində yaxından iştirak etməyə və Azərbaycan elminin təbliğində daha aktiv olmağa çağırıb.
RPİ-nin icraçı direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva Azərbaycanda gənclər siyasəti və Ümummilli Lider Heydər Əliyevin ölkə qadınlarına verdiyi dəyərdən bəhs edib. Milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində gənclərin rolundan danışan R.Mehdiyeva Vətənə sevginin dönməz olduğunu, milli ideoloji xüsusiyyətlərə bağlılığın və xalqa sadiqliyin önəmli olduğunu bildirib.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərmin Quliyeva və böyük laborant Kimyaxanım Baxışova qadın əməkdaşlara elmi-ictimai fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbir institutun Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilib.