Rauf Abdullayev: Belə ecazkar məkanda beynəlxalq musiqi festivalının keçirilməsi mühüm hadisədir
Qəbələ, 3 avqust (AZƏRTAC). Paytaxtdan kənarda, belə ecazkar məkanda beynəlxalq musiqi festivalının keçirilməsi mühüm hadisədir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsində belə mötəbər tədbirlərin əhəmiyyətli böyükdür.
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, görkəmli dirijor, Xalq Artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Rauf Abdullayev AZƏRTAC-a müsahibəsində demişdir. Bildirmişdir ki, dünyada festival paytaxtları sayılan böyük şəhərlər tədricən öz yerlərini Qəbələ kimi sənət və təbiət gözəlliyinin uzlaşdığı kiçik şəhərlərlə dəyişir.
Görkəmli dirijor festivalın ərsəyə gəlməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir.
Diqqətə çatdırmışdır ki, festival günlərində klassik musiqi həvəskarları Rusiya, Böyük Britaniya, İsrail, Kuba, Fransa, ABŞ, İtaliya, İsveçrə və digər ölkələrin dünya şöhrətli sənətkarlarının və məşhur kollektivlərinin ifasında ölməz əsərləri dinləmək imkanı əldə etmişlər. Dirijor əmin olduğunu bildirmişdir ki, belə möhtəşəm səhnədə məşhur musiqiçilərlə birgə gənclərin çıxış etmələri onların gələcək inkişafına böyük təkan verəcəkdir.
R.Abdullayev çərçivəsində özünün dirijorluğu ilə “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin konsertinin böyük müvəffəqiyyətlə keçdiyini xatırladaraq demişdir: “Hər gün keçirilən belə konsertlərdə bir-birindən gözəl ifalar, dahi bəstəkarların məşhur əsərləri tamaşaçılara unudulmaz anlar bəxş edir. Çıxışlar alqışlarla qarşılanır. V Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqimizin dünyada təbliğində böyük əhəmiyyət daşıyan mədəni hadisədir”.