Rauf Məmmədov şahmat həlletməsi üzrə 12-ci Azərbaycan çempionu olub
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 7-8-də Respublika Şahmat Mərkəzində şahmat məsələlərinin həlli üzrə 39-cu Azərbaycan çempionatı keçirilib. Qələbə uğrunda ölkəmizin 9 şəhərindən (Bakı, Sumqayıt, Gəncə, İsmayıllı, Qəbələ, Şabran, Qobustan, Naftalan, Göygöl) 29 şahmatçı mübarizə aparıb.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, şahmat üzrə millimizin üzvü beynəlxalq qrossmeyster, 3 dəfə Avropa çempionu Rauf Məmmədov 90 mümkün xaldan 61,75 (320 dəq) xal toplayaraq həlletmə tarixində 12-ci çempion adını qazanıb. Gümüş medalı 60,75 (325 dəq) xalla gənc şahmatçı Amil Abbasov (Gəncə), bürünc medalı isə 60 (316 dəq) xalla 15 qat ölkə çempionu, həlletmə üzrə beynəlxalq usta Araz Alməmmədov (Qəbələ) əldə ediblər.
Dünya kubokunun sahibi beynəlxalq qrossmeyster Zaur Məmmədov Türkiyədə keçiriləcək şahmat turnirində iştirakla əlaqədar çempionatın yalnız ilk günündə iştirak edib. Bu, Zaur Məmmədova 42 xalla yalnız 4-cü yeri tutmağa kifayət edib.
Qadınların yarışında 1-ci yeri Səbinə Rzalı (Sumqayıt), 2-ci yeri Aydan Hüseynzadə (Qəbələ), 3-cü isə Nərminə Ruzicəng (Naftalan) tutublar.
Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazanıblar: ikigedişli, yardımmat - Araz Alməmmədov (Qəbələ), üçgedişli - Zaur Məmmədov (Bakı), etüdlər, çoxgedişli, əks-mat - Rauf Məmmədov (Bakı).
Qaliblər pul mükafatları, fəxri fərman və medallarla mükafatlandırılıblar.
Həlletmə komandamız sentyabr ayında Makedoniyanın Oxrid şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.
Xatırladaq ki, şahmat həllçilərimiz 2014-cü ildə İsveçrədə dünya çempionatında və 2016-cı ildə Yunanıstanda Avropa çempionatında gümüş medal qazanıb.