RAYON TƏŞKİLATININ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasından doqquz il ötmüşdür. Bununla əlaqədar rayon təşkilatı Lökbatan qəsəbəsində iməcilik keçirmiş, “YAP-ın birinci qurultayı” adına parkda ağaclar əkilmişdir.
Sonra Əmirov adına NQÇİ-nin mədəniyyət sarayında keçirilən yığıncaqda rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov çıxış edərək vurğulamışdır ki, partiyanın yaradılması tarixi zərurətdən irəli gəlmişdi, çünki 1992-ci ildə Azərbaycan dövlətinin özünün mövcudluğu sual altında idi. Belə bir vəziyyətdə ziyalıların bir qrupu o vaxtlar Naxçıvanda yaşayan Heydər Əliyevə müraciətlə yeni partiyaya başçılıq etməsini xahiş etmişdi. Bundan sonra respublikanın bir çox rayonlarında partiyanın ilk təşkilatları yaradılmağa başladı. Natiq partiyanın təşəkkülündə İlham Əliyevin rolundan danışaraq demişdir ki, o, həmin vaxtlar bu istiqamətdə gedən bütün proseslərdə iştirak etmişdir. Yığıncaqda bildirilmişdir ki, Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurətdən doğurdusa, digər partiyalar bəzi adamlar üçün və başabəla siyasətçilərin iddialı niyyətlərinin həyata keçirilməsi üçün təşkil edilirdi.
Milli Məclisin deputatları Mübariz Qurbanlı, Səyyad Aran və başqaları yığıncaq iştirakçılarını əlamətdar ildönümü münasibətilə təbrik etmiş və xatırlatmışlar ki, doqquz il öncə, o vaxtkı iqtidarın hədə-qorxularına baxmayaraq, Yeni Azərbaycan Partiyası rayon təşkilatının təsis konfransı respublikada birincilər sırasında Qaradağ rayonunda keçirilmişdir.
Yığıncaqdan sonra konsert olmuşdur.