DÜNYA
Rəcəb Tayyib Ərdoğan Türkiyədə yerli istehsal olan ilk qırıcı təyyarənin adını açıqlayıb
Bakı, 1 may, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli istehsal olan ilk türk qırıcı təyyarəsinin adını açıqlayıb.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bazar ertəsi Ankaranın Kaxramankazan rayonundakı TUSAŞ aerokosmik kompaniyasının mərkəzində çıxış edən dövlət başçısı müasir layihələrin həyata keçirilməsi sayəsində Türkiyənin bu gün müdafiə sənayesinin bütün sahələrində - dənizdə, quruda və havada təmsil olunmasının qürur mənbəyi olduğunu qeyd edib.
Tədbir çərçivəsində Türkiyənin aviasiya sənayesinin son nailiyyətləri, o cümlədən HÜRJET təyyarəsi, ATAK-2 helikopteri, zərbəçi ANKA-3 uçan pilotsuz aparatı və beşinci nəsil qırıcı təyyarəsi nümayiş olunub. Prezident Ərdoğan bildirib ki, Türkiyənin qırıcı təyyarəsi KAAN adlanacaq. O qeyd edib ki, KAAN yaxın beş ildə səmaya qalxacaq və Türkiyə Hərbi-Hava Qüvvələrinin sərəncamına veriləcək. “KAAN-ın istifadəyə verilməsi ilə Türkiyə beşinci nəsil qırıcı təyyarə istehsal edən ilk beş ölkənin sırasına daxil olacaq” –deyə Prezident vurğulayıb.
Türkiyənin MMU (digər adı TF-X/ Turkish Fighter Experimental) perspektivli beşinci nəsil qırıcı təyyarəsi bu ölkədə texnologiyanın inkişafı sahəsində mühüm layihə sayılır və “Türk Havacılık ve Uzay Sanayi AŞ” (TUSAŞ) aerokosmik kompaniyası tərəfindən həyata keçirilir.
Onun dizaynının ilk variantları hələ 2013-cü ilin mayında İstanbuldakı Beynəlxalq sərgidə təqdim olunub. İlkin hesablamalara görə, təyyarənin hazırlanması proqramı ən azı 10 milyard dollara başa gələcək.
İstehsalçı kompaniyanın və Türkiyənin hərbi rəhbərliyinin planlarına əsasən, təyyarənin ilk uçuşları 2025-2026-cı illərdə yerinə yetiriləcək. 2028-ci ildən sonra qırıcı təyyarələr Türkiyə Hərbi-Hava Qüvvələrinin arsenalına daxil ediləcək.
Türkiyənin Milli Müdafiə Nazirliyində hesab edirlər ki, yerli təyyarələr 2030-cu ildə Türkiyə Hərbi-Hava Qüvvələrinin istismarından çıxarılacaq Amerika istehsalı olan F-16 qırıcı təyyarələrini əvəz edəcək.