REGİONLAR
Region Liqasının cənub zonasında son turun oyunları keçirilib
Masallı, 9 mart, Bağır Əliyev, AZƏRTAC
AFFA-nın təşkilatçılığı ilə Region Liqasının Mərkəzi və Cənub regionunun cənub zonasında son turun oyunları keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onuncu tur çərçivəsində Masallının “Ərkivan” və "Neftçala" komandaları qarşılaşıblar.
Görüş Ərkivan qəsəbə stadionunda keçirilib. Turnir cədvəlində sonuncu yerləri bölüşən komandaların play-of mərhələsinə çıxma şansları olmasa da, oyun maraqlı idman mübarizəsi şəraitində davam edib. Qarşılaşmanın birinci hissəsi qonaqların xeyrinə başa çatıb - 0:2. Fasilədən sonra təşəbbüsü ələ alan Masallı futbolçuları hesabı bərabərləşdirməyə müvəffəq olublar. Beləliklə, gərgin mübarizə şəraitində keçən oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, səfərdə Masallı futbolçuları “Neftçala” komandası üzərində 3:1 hesablı qələbə qazanmışdılar.
Turun digər oyunlarının nəticəsi isə belədir: “Salyan” - “Alyans” (Masallı) 4:0, “Astara” - “Ümid” (Cəlilabad) 0:0.
“Alyans”, “Ümid” və “Salyan” komandaları play-of mərhələsinə vəsiqə qazanıblar.