“REGNUM” İNFORMASİYA AGENTLİYİ YEDDİ RAYONU “DAĞLIQ QARABAĞA HƏMSƏRHƏD RAYONLAR” ADLANDIRMIŞDIR
Bakı, 13 sentyabr (AZƏRTAC). Rəsmən Rusiya agentliyi sayılan, lakin Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə Ermənistan KİV-lərindən az fərqlənən “Regnum” informasiya agentliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı yeddi rayonu “Dağlıq Qarabağın həmsərhəd rayonları” (http://regnum.ru/news|fd-abroad|armenia|1324348/html ) adlandırmışdır. Bununla da materialın başlığında Dağlıq Qarabağ bölgəsinin müstəqil subyekt olmasına işarə olunur, ətraf yeddi rayon da bu subyektin bir hissəsi kimi təqdim edilir.
Bizə isə təkcə o qalır ki, Abşeron çimərliklərini Dağlıq Qarabağın sahil zonası, Bazardüzü dağını isə onun ən uca zirvəsi adlandırmadığına görə müəllifə təşəkkürümüzü bildirək.
Bundan əlavə, yeddi rayona aid “işğal olunmuş” sözləri dırnağa alınmışdır. Bu materialın (azı onun sərlövhəsinin) qeyri-erməni millətindən olan birisi tərəfindən hazırldığına şübhə etməli olursan. Heç bir neytral mövqe tutan informasiya agentliyi təkcə Dağlıq Qarabağın deyil, onun inzibati sərhədlərindən kənarda yerləşən rayonların işğalı faktını şübhə altına almazdı. Lakin bu cür yanaşmanın əsası tanınmamış “dqr-in konstitusiyası”dırsa, - belə ki, onun tərtibçiləri mövcud olmayan dövlətin tərkibinə işğal olunmuş rayonları da daxil etmişlər, - onda “Regnum”da bu materialı yazanların Dağlıq Qarabağın qəti statusu haqqında referendumun nəticələri barədə düşünməsi pis olmazdı. Əgər belədirsə, onda səsvermədə “Dağlıq Qarabağın sərhəd rayonları”ndan məcburi köçkünlər və onların övladları da iştirak etməlidirlər. Onların öz yurd-yuvasına qayıtması ATƏT-in Minsk qrupu həmsədrlərinin axırıncı təkliflərində yer almışdır.