Rəngbərəng çantalar, həyəcanlı baxışlar - Şamaxının Göylər kəndində ilk dərs günü FOTOLAR VİDEO
Şamaxı, 15 sentyabr, AZƏRTAC
Səhər tezdən Şamaxının Göylər kənd 1 nömrəli tam orta məktəbinin həyətində canlanma var idi. Balacalar rəngbərəng çantaları çiyinlərində, valideynlərinin əllərindən bərk-bərk tutaraq məktəbin həyətinə daxil olurdular. Bəzilərinin üzündə həyəcan, bəzilərinin baxışlarında isə məktəblə bağlı böyük maraq görünürdü.
AZƏRTAC-ın bölgə müxbirinin məktəbdən hazırladığı reportajı təqdim edirik.
Göylər kənd məktəbində Bilik Günü münasibətilə keçirilən tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər.
Birinci sinif müəllimi Çərək Nəbiyeva üçün də bu gün xüsusilə həyəcanlıdır. O, artıq üçüncü dəfədir ki, balacaların məktəbə ilk addımlarına şahidlik edir: “Bu, mənim üçüncü 1-ci sinfimdir. Balaca uşaqlarla işləmək həm böyük məsuliyyət, həm də çox gözəl və həyəcanlı bir hissdir. Onların ilk addımlarını izləmək, öyrəndiklərini görmək müəllim üçün böyük sevincdir. Çalışacağam ki, şagirdlərimin hər biri savadlı, tərbiyəli və Vətəninə, dövlətinə layiqli vətəndaş kimi formalaşsın. İnanıram ki, onlar gələcəkdə ölkəmiz üçün faydalı insanlar olacaqlar”.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli AZƏRTAC-a müsahibəsində bildirib ki, bu il Azərbaycanda 124 min şagird birinci sinfə qədəm qoyur. Onun sözlərinə görə, ölkənin müxtəlif bölgələrində təhsil infrastrukturunun yenilənməsi istiqamətində də işlər davam etdirilir. “Bu il 37 yeni məktəb əsaslı təmir olunub və ya yenidən tikilərək istifadəyə verilib. Elm və Təhsil Nazirliyi olaraq həm təhsil infrastrukturunun inkişaf etdirilməsi, həm də təhsilin keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçiririk. Bu məsələlər dövlətin daim diqqətindədir”, - deyə o əlavə edib.
Qeyd edək ki, 1975-ci ildə inşa olunan əvvəlki məktəb binası uzun illər istifadədən sonra yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondunun dəstəyi ilə 2023-cü ildə məktəb üçün 624 şagird yerlik yeni bina inşa olunub. Üçmərtəbəli, dörd korpusdan ibarət binada müasir fənn kabinetləri və laboratoriyalar, kitabxana, akt zalı, idman zalı və açıq idman meydançası yaradılıb. Məktəbin həyətində də abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Məktəbin direktoru Günay Şabanova deyib ki, yeni binanın istifadəyə verilməsi tədris üçün daha geniş imkanlar yaradıb: “Əvvəlki binamız yararsız vəziyyətdə olduğundan tədrisin təşkilində müəyyən çətinliklər yaşayırdıq. İndi isə şagirdlərimiz üçün müasir və rahat təhsil mühiti yaradılıb. Bu imkanlar bizi daha yaxşı nəticələr göstərməyə ruhlandırır.
Ötən il məktəbimizi 27 məzun bitirib, onlardan 12-si ali, 2-si orta ixtisas üzrə məktəblərə qəbul olunub. Bir şagird ümumi orta təhsil haqqında fərqlənmə attestatına layiq görülüb. Üç məzunumuzun isə Şamaxı rayonu üzrə ilk dəfə eyni məktəbdən Milli Müdafiə Universitetinə qəbul olunması bizim üçün xüsusi qürurverici hadisədir”.
Beləcə, bu kənd məktəbində 31 balaca məktəbli ilk dəfə parta arxasında əyləşdi. Onların qarşısında isə uzun bir yol – ilk hərflər, ilk qiymətlər, ilk dostlar, ilk uğurlar və bəlkə də illər sonra bu məktəbin məzunu kimi geri dönəcəkləri günlər var…
Müxbir - Rəşad Türkoğlu