“Rəqəmsal İdarəetmə Platforması”ndan istifadə mövzusunda iclas keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının katibləri üçün videokonfrans formatında “Rəqəmsal İdarəetmə Platforması”ndan istifadə və “Komissiyanın işçi qruplarının fəaliyyətinin təşkilinə dair tələblər” mövzusunda maarifləndirici iclas keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iclasda Nazirlər Kabinetinin Aparatında Baş nazirin birinci müavininin xidmətinin baş məsləhətçisi Vüqar Əmrəliyev çıxış edərək, Komissiyanın yeni “Rəqəmsal İdarəetmə Platforması”nın artıq istifadəyə verildiyini, bu Platformanın işçi qrupların üzvlərinin onun fəaliyyətində aktiv və sistemli iştirakını təmin etməklə yanaşı, Komissiyanın fəaliyyətində səmərəliliyin, operativliyin, eləcə də şəffaflığın daha da artırılmasına imkan verəcəyini vurğulayıb. Həmçinin işçi qrupları tərəfindən müvafiq sənəd dövriyyəsinin qeyd olunan Platforma üzərindən həyata keçirilməsinin zəruriliyini işçi qrupların katiblərinin diqqətinə çatdırıb.
Görüş zamanı “Rəqəmsal İdarəetmə Platforması”nın yaradılmasında iştirak edən “Datum” MMC-nin layihə rəhbəri Nüsrət Məmmədov Platformadan praktiki istifadəyə dair maarifləndirici təqdimatla çıxış edərək, iclas iştirakçılarına platforma barədə ətraflı məlumat verib. Eyni zamanda, Platformada sənəd dövriyyəsinin mərhələlərini, o cümlədən bir neçə sənədin yaradılaraq aidiyyəti üzrə göndərilməsi prosesini əyani olaraq katiblərə nümayiş etdirib.
İnteraktiv qaydada keçirilən iclas zamanı Platformadan istifadə ilə bağlı iştirakçıların sualları cavablandırılıb və görüşdə Platformanın təkmilləşdirilməsinə dair təkliflər səsləndirilib.
Daha sonra Vüqar Əmrəliyev tərəfindən “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının fəaliyyətinin təşkili Qaydası”nda işçi qrupların və onların katiblərinin qarşısına qoyulmuş vəzifələr barədə, o cümlədən işçi qrupların tərkibinə dair tələblər, işçi qrupların iclaslarının keçirilməsi qaydası, eləcə də onlara riayət edilməsi vəziyyətinə dair ətraflı məlumat verilib və bu Qaydanın tələblərinə ciddi riayət olunmasının zəruriliyi diqqətə çatdırılıb.
Qarşılıqlı müzakirələr çərçivəsində davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb, fəaliyyətlərində qarşılaşdıqları məsələlərə dair ətraflı izahat verilib.
Sonda işçi qrupların rəhbərləri və katibləri tərəfindən də işçi qrupun üzvləri üçün “Rəqəmsal İdarəetmə Platforması”ndan istifadə ilə bağlı maarifləndirici görüşlərin keçirilməsi tövsiyə edilib.