CƏMİYYƏT
Rəqəmsal səhiyyə strategiyasının reallaşması ölkəmizdə rəqəmsal səhiyyə ekosistemini formalaşdıracaq

Bakı, 16 yanvar, AZƏRTAC
Səhiyyənin rəqəmsallaşdırılmasının əsas məqsədlərindən biri tibbi məlumatların müalicə zamanı qərar qəbuletmə prosesinə inteqrasiyasını təmin edərək, onları vahid səhiyyə informasiya sistemində mərkəzləşdirəcək. Bu isə, öz növbəsində tibb işçiləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması, eyni zamanda, məlumatlara maneəsiz çıxışın təmin edilməsidir.
AZƏRTAC xəbər verir ki, bunu “Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsinin təqdimat mərasimində səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov deyib.
“Rəqəmsal səhiyyə strategiyasının reallaşması ölkəmizdə müasir texnologiyaları və innovasiyaları dəstəkləyən rəqəmsal səhiyyə ekosistemini formalaşdıracaq. Bu, əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin tətbiqi, xəstəliklərin qarşısının alınmasında qabaqlayıcı texnologiyaların istifadəsi, hər bir vətəndaşın ehtiyacına uyğun yüksəkkeyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığın artırılmasına imkan yaradacaq”, - deyə səhiyyə nazirinin müşaviri vurğulayıb.