Respublika çaylarında suyun səviyyəsində əsasən azalma qeydə alınıb
Bakı, 18 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 110-150, Lənkəran-Astara zonası çaylarında 90-120, Naxçıvan Muxtar Respublikası çaylarında isə 150 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, dekabrın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 178 kubmetr olmaqla ongünlük normanın 114 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 180 kubmetr olmaqla ongünlük normanın 115 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 41 kubmetr olmaqla ongünlük normanın 54 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 79 kubmetr təşkil edərək ongünlük normanın 105 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Şirvanda 6, Salyanda 3, Araz çayının Novruzlu məntəqəsində 11 santimetr azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 369 (2016-cı il dekabrın 18-də 498 sm), Şirvanda 251, Salyanda 209 (2016-cı il dekabrın 18-də 335 sm), Bankədə 203 (2016-cı il dekabrın 18-də 253 sm), Araz çayının Novruzlu məntəqəsində isə 120 (2016-cı il dekabrın 18-də 223 sm) təşkil edir.