Respublika fənn olimpiadalarının yarımfinal turu Qarabağ bölgəsində dörd mərkəzdə keçirilib
Bərdə, 23 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublika fənn olimpiadalarının yarımfinal turu Qarabağ Regional Təhsil İdarəsi üzrə dörd mərkəzdə təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhəri 3 nömrəli məktəb-lisey, Bərdə şəhəri 3 nömrəli tam orta məktəb, Şuşa şəhəri 1 nömrəli tam orta məktəb və Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbdə keçirilən yarımfinal turunda ümumilikdə 671 şagird iştirak edib.
Yarımfinal turu riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix daxil olmaqla 7 fənn üzrə keçirilib. Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar olunması, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.