Respublika Seysmoloji Xidmət Mərkəzi Bayıl yamacında monitorinqi davam etdirir
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) “Teleqüllə” kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə artıq bir neçə gündür monitorinqi davam etdirir.
Mərkəzin İnformasiya Şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan monitorinqə RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli rəhbərlik edir. Mərkəzin əməkdaşları tərəfindən ərazidə kompleks tədqiqatlar aparmaq üçün seysmik, geofiziki cihaz və avadanlıqlar quraşdırılıb. Mərkəz Bayıl dərəsinin yamacları boyunca ("Teleqüllə" kompleksinin yaxınlığında) gedən torpaq sürüşməsi prosesinin inkişaf dinamikası, sürüşməyə məruz qalan torpaq kütləsinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər parametrlərinin müəyyən edilməsi üçün ərazidə seysmoloji, geofiziki, maqnitometrik, qravimetrik və digər üsullarla kompleks tədqiqatlar aparılır. Tədqiqatlar ərazidə gedən sürüşmə prosesi dayanana qədər davam etdiriləcək. Aparılan tədqiqatların nəticəsi təhlil edildikdən sonra sürüşmənin baş vermə səbəblərinə dair hesabat hazırlanaraq rəsmi dövlət qurumlarına təqdim ediləcək.