Respublika Uşaq Kitabxanasının Beynəlxalq Kitab Sərgisi çərçivəsində tədbirləri davam edir
Bakı, 6 oktyabr, AZƏRTAC
Respublika Uşaq Kitabxanası XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində uşaqlar üçün bir sıra maarifləndirici tədbirlər proqramı ilə çıxış edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində uşaqların oxu mədəniyyətinin və yaradıcılıq bacarıqlarının inkişafına yönəlmiş oxu saatları, kitab təqdimatları və master-klaslar təşkil olunub.
Müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələri Mehriban Nağıyeva, Gülzar İbrahimova və Zahirə Cabir sərginin qonağı olublar. Müəlliflərlə keçirilən oxu saatları uşaqların həm maariflənməsinə, həm də əylənməsinə xidmət edib.
İlk görüşdə yazıçı Mehriban Nağıyeva 143 nömrəli tam orta məktəbin şagirdləri ilə bir araya gələrək vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, əsərlərindən parçalar oxuyub. Sual-cavabda fəallıq göstərən uşaqlara müəllif tərəfindən imzalı kitablar hədiyyə olunub. Daha sonra yazıçı Gülzar İbrahimova ilə keçirilən görüşdə uşaqlarla nağıllar əsasında müzakirələr aparılıb, maarifləndirici mövzularda söhbətlər edilib və məntiq oyunu təşkil olunub.
Tədbirin davamında yazıçı Zahirə Cabirin “Səndəli, Fəli və Şəli” adlı qaravəlli kitabının təqdimatı baş tutub. Kitabın rəssamı Ayişə İlqar qızıdır. Müəllif təqdimatda kitabın əsas qəhrəmanları və ideyası haqqında ətraflı məlumat verib. Bununla yanaşı, kiçik yaşlı oxucuların təqdimatında Sevinc Nuruqızının “Melissa” kitabından kompozisiya təqdim olunub. Təqdimatda Melissa personajı uşaqlara əsərin məzmununu təqdim edib, kitabxana əməkdaşı tərəfindən hazırlanan kukla isə aktiv iştirak edən uşaqlardan birinə hədiyyə olunub.
Sərginin növbəti hissəsində türk uşaq yazarı və rəssam Məryəm Kurt tərəfindən master-klas keçirilib. Rəssam uşaqlara boyama texnikası və rəsm sənətinin əsas prinsipləri barədə məlumat verib, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək olub.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının sərgi çərçivəsində keçirdiyi bu tədbirlər uşaqların mütaliəyə marağının artırılmasına, yaradıcılıq potensiallarının üzə çıxarılmasına və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edib.