Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
Bakı, 10 aprel, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 375 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 226 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 109 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 36, Salyanda 29, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 7 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 307 sm (2014-cü il aprelin 10-da 336 sm), Şirvanda 175 sm (2014-cü il aprelin 10-da 181sm), Salyanda 148 sm (2014-cü il aprelin 10-da 92 sm), Bankədə 178 sm (2014-cü il aprelin 10-da 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 43 sm (2014-cü il aprelin 10-da 55 sm) təşkil edir.