SİYASƏT
Rəvan Həsənov: Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqa hər zaman önəm verir
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycanın COP29 kimi əlamətdar və mötəbər tədbirə uğurla ev sahibliyi etməsi qürurvericidir. Əminəm ki, bu toplantının qlobal təsiri əhəmiyyətli və uzunmüddətli olacaq. Eyni dərəcədə sevindirici haldır ki, biz ekologiya ilə bağlı müzakirələrlə yanaşı, COP29 çərçivəsində dinlərarası dialoq və humanitar məsələləri də müzakirə edirik. Bu səylər vasitəsilə biz kollektiv şəkildə gələcəyə dair narahatlıqlarımızı ifadə edirik və üzləşdiyimiz aktual problemlərin həlli yollarını araşdırırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dünya dini liderlərinin qlobal Bakı Sammitinin plenar iclasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib.
O bildirib ki, Azərbaycan kimi multikultural bir dövlətdə dinlərarası və mədəniyyətlərarası dialoqa hər zaman böyük önəm verilir. “İnanclarımız fərqli olsa da, planetimizi qorumaq və bəşəriyyəti inkişaf etdirmək öhdəliyimiz sərhədləri aşır. Bəziləri iddia edə bilər ki, ətraf mühitin mühafizəsi mahiyyət etibarilə inanc məsələsi deyil. Lakin mən hesab edirəm ki, ekoloji böhranlar milli, iqtisadi və mədəni xətləri keçdiyi və bütün cəmiyyətlərə təsir etdiyi üçün və planetimiz bütün bəşəriyyət üçün ortaq miras olduğundan, dinlərarası dialoq vacibdir”, - deyə Rəvan Həsənov vurğulayıb.