Rəvan Həsənov: Azərbaycanda din və dövlət münasibətləri model halına gəlib
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycanda din və dövlət münasibətləri harmoniyanın, qarşılıqlı hörmətin və tolerantlığın üzərində qurulub. Bu gün artıq qürurla deyə bilərik ki, Azərbaycanda din və dövlət münasibətləri model halına gəlib. Bu model həm bölgə, həm də dünya üçün müsbət nümunə sayılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpoziumun açılış mərasimində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib.
R.Həsənov ölkəmizdə dinlər və məzhəblər arasında heç bir qarşıdurma və ya ayrı-seçkiliyin olmadığına diqqət çəkib: “Əksinə, Azərbaycanda müxtəlif dinlərin və məzhəblərin nümayəndələri bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərlə fəaliyyət göstərirlər. Bu, yalnız dinlərarası dialoqun nümunəsi deyil, həmçinin Azərbaycanda formalaşmış din və dövlət münasibətlərinin sağlam mahiyyətinin göstəricisidir. Multikulturalizmə və dinlərarası harmoniya siyasətinə Azərbaycanda verilən dəyər dövlət səviyyəsində qəbul olunmuş ideoloji xətdir. Bu, təkcə siyasi və sosial seçim deyil, xalqımızın əsrlərlə formalaşmış mədəni və mənəvi irsinin təbii davamıdır. Biz bu modelin yaşaması və daha da möhkəmlənməsi üçün həm təhsil sistemində, həm də ictimai həyatın bütün sahələrində mənəvi dəyərlərin, qarşılıqlı anlayışın və dinlərarası əməkdaşlığın gücləndirilməsinə böyük önəm veririk. Bu mənada, simpoziumun çox dəyərli platforma olduğunu düşünürəm və inanıram ki, burada aparılacaq müzakirələr din təhsili və din–dövlət münasibətləri sahəsində yeni ideyaların yaranmasına mühüm töhfə verəcək”.