RİNN nümayəndəsi nüfuzlu beynəlxalq təşkilatda proqram meneceri təyin olunub
Bakı, 4 mart, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirir. Əməkdaşlığın inkişaf etdirilməsi üçün görülən tədbirlərdən biri də beynəlxalq təşkilatlarda təmsilçiliyin artırılmasıdır.
Bu barədə AZƏRTAC-a nazirlikdən bildirilib. Belə ki, Ümumdünya Poçt İttifaqı (ÜPİ) ilə aparılan danışıqlar nəticəsində “Azərpoçt” MMC-nin Beynəlxalq daşımalar departamentinin müdiri Anar Məcidov bu gündən etibarən ÜPİ-nin Avropa və MDB ölkələri üzrə proqram meneceri vəzifəsində çalışmağa başlayıb. Anar Məcidov sözügedən vəzifədə çalışdığı müddətdə təşkilatın Avropa və MDB ölkələrində həyata keçiriləcək texniki əməkdaşlıq proqramları və layihələri ilə əlaqədar işin təşkili və qiymətləndirilməsini aparacaq.
Azərbaycan nümayəndəsinin belə nüfuzlu beynəlxalq təşkilatda mühüm vəzifəyə qəbul olunması ölkəmizin ÜPİ ilə apardığı uzunmüddətli və sıx əməkdaşlığının təzahürüdür. ÜPİ ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq əsasında qurulan əlaqələr regionda və dünya miqyasında poçt xidmətlərinin inkişafına və modernləşdirilməsinə mühüm təsir göstərir. Yeni təyinat isə öz növbəsində bütün regionda əməkdaşlığın daha da genişlənməsinə, ölkədə beynəlxalq təcrübənin artırılmasına, əlavə layihələrin və proqramların təşviqinə, habelə ÜPİ-nin Avropa və MDB ölkələri üzrə fəaliyyətlərinin daha da inkişafına əlavə imkanlar yaradacaq.
Bu təyinat tərəflərin poçt sektorunda əməkdaşlığı gücləndirmək üçün səylərinin növbəti mərhələsidir. Yeni mərhələ qarşıda dayanan perspektivlər istiqamətində əməkdaşlığın daha da möhkəmlənməsi və poçt xidmətlərinin müasir standartlara cavab verməsinin təmin edilməsi üçün möhkəm əsas yaradır.