Rövşən Rüstəmov: “Azərbaycan Dəmir Yolları”nın transformasiyasının birinci hissəsi sona çatıb – EKSKLÜZİV VİDEO
Bakı, 8 may, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC transformasiya mərhələsinin birinci hissəsini artıq sona çatdırıb. Transformasiya prosesinin içərisində önəm verdiyimiz məsələlərdən biri də rəqəmsal transformasiyadır. Bütövlükdə dəmir yolu öz-özlüyündə bir mühafizəkar sahədir. Burada hər hansı bir yenilik tətbiq etmək illərlə onun sınaqdan keçirilməsini tələb edir.
Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, mühafizəkarlıqla rəqəmsallaşma arasında olan balansı qorumaqda əsas məqsəd həm yük sahiblərini, müştəriləri, həm də sərnişindaşıma seqmentində olan müştəriləri daha müasir və əlçatan xidmətlərlə təmin etməkdir.
“Bu baxımdan yükdaşıma istiqamətində ciddi rəqəmsal həllərimiz var. Nəzərə alsaq ki, müştərinin daha önəm verdiyi məsələlərdən biri şəffaflıq və sürət amilləridir. Tarif kalkulyatorunun işə salınması bu baxımdan müştərilərə logistik ehtiyaclarını daha düzgün planlamaya imkan yaratdı. Bundan əlavə, digər məqam həm idxal, həm də ixracda yük sahiblərinin dəmiryol ofisinə gəlmədən elektron imza üzərindən xidmətlərini ala bilməsidir. Elektron imza ilə inteqrasiya olunmaq, əslində, bizə digər dəmiryol administrasiyaları ilə yükün sənədsiz göndərilməsinə də imkan yaradıb. Artıq bu prosesi Rusiya Dəmir Yolları ilə tamamladıq və hazırda Qazaxıstan Dəmir Yolları ilə iş davam etdirilir. Növbəti planımız Türkiyə və Gürcüstan Dəmir Yolları ilə də sənədsiz yük göndərilməsini təmin etməkdir. Digər tərəfdən yük sahiblərinin ən böyük ehtiyaclarından biri yükün izlənməsidir. Yükün izlənməsini təmin etmək üçün “Azərbaycan Dəmir Yolları” “Cargo Tracking” adlı bir sistem istifadəyə verdi ki, bu sistem müştərilərə Çindən Avropaya qədər yükünün harada olduğunu, nə zaman çatacağına dair proqnozları göstərir”, - deyə o vurğulayıb.