Rumıniyanın “AGERPRES” agentliyi Azərbaycanın Müstəqillik Günündən yazıb
Buxarest, 27 may, AZƏRTAC
Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Azərbaycan xalqı 28 May - Müstəqillik Gününü qeyd edir” sərlövhəli məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika (1918-1920) olduğu vurğulanıb. Qeyd edilib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verib, Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub.
Yazıda Cümhuriyyət dövründə parlamentin, milli ordunun və ölkənin xarici siyasəti, Paris Sülh Konfransında Azərbaycanın dünya birliyi tərəfindən de-fakto tanınması, həmin dövrdə demokratiya prinsiplərinə və insanların bərabərliyinə əsaslanan hüquqların təmin edilməsindən də söz açılır.
Qeyd olunur ki, Cümhuriyyətin ömrünün qısa olmasına baxmayaraq, 23 ay ərzində çox böyük işlər görülüb. Bu müddətdə Dövlət Bayrağı, Himni və Gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Eyni zamanda, həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib.
Bildirilir ki, 1993-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi və iqtisadi sabitlik bərqərar olub, həmçinin ictimai həyatın müxtəlif istiqamətlərində, eləcə də insan hüquqları və demokratiya sahəsində inkişaf mərhələsi başlayıb. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın bütün beynəlxalq platformalarda öz mövqeyini qətiyyətlə müdafiə etdiyi, iqtisadiyyatın nəzərəçarpacaq dərəcədə dirçəldiyi vurğulanır.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi, iqtisadi və sosial islahatların davam etdirilərək genişləndiyi, dövlətimizin başçısının Cümhuriyyətin 100 illiyinin qeyd olunması haqqında Sərəncamın imzaladığı, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, bütün bunlar dövlətimizin başçısının milli dövlətçiliyimizə, ölkəmizin tarixinə diqqət və qayğısının göstəricisi kimi qiymətləndirilir.
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest