RUS POEZİYASI GECƏSİ
Tədbiri aparan SSRİ xalq artisti Mixail Kozakov gecəyə Boris Pasternakın şeirləri ilə başladı. Ona bu böyük şairi görmək və dinləmək səadəti qismət olmuşdur. O dedi ki, poeziya, ədəbiyyat hər cür sədd və sərhədlərdən asılı olmayaraq, bizi birləşdirən sahədir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirdi ki, sentyabrın 15 günü ərzində paytaxtımızda bir çox mədəni hadisələr baş vermişdir - “Şərq-Qərb” kinofestivalı keçirildi, təxminən elə həmin günlərdə İsrail yazıçıları Bakıda oldular. İndi isə Azərbaycanda rus kitabı bayramı keçirilir. Zənnimcə, bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəniyyət sahəsində, xalqları yaxınlaşdırmaq sahəsində apardığı və indi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin davamıdır. Mədəniyyətlərin, ədəbiyyatların əlaqəsi xalqların yaxınlaşması deməkdir, bu, bizi bir-birmizdən uzaqlaşmağa qoymur. Böyüyüb başa çatdığımız, yetişdiyimiz mədəni məkan qorunub saxlanmalıdır. Ona görə də belə görüşlər bizim üçün çox gərəklidir.
Sonra o, Boris Pasternakın Azərbaycan dilinə çevirdiyi şeirlərini oxudu.
Şair, yazıçı, Qazaxıstanın YUNESKO-dakı nümayəndəsi Oljas Süleymenov, şairlərdən Veronika Dolina, Oleq Xlebnikov, Azərbaycan şairi Alina Talıbova mətbu sözünün əhəmiyyətinə və vacibliyinə həsr etdikləri şeirlərini oxudular.
Poeziya gecəsində digər xarici ölkələrin aparıcı naşirləri, yazıçıları, şairləri, jurnalistləri də iştirak edirdilər.