RUSİYA “ALTILIĞIN” TƏKLİFİNƏ İRANIN CAVABINI ÖYRƏNİR
Rusiya XİN-in rəsmi nümayəndəsi Mixail Kamınin bildirmişdir ki, “altılıq” üzrə tərəfdaşları kimi, Rusiya tərəfi də iranlıların cavablarını təhlil etməyə başlamışdır. Onun sözlərinə görə, incə fərqləri seçmək, mümkün konstruktiv cəhətləri nəzərə almaq, altı dövlətin məlum təklifləri əsasında Tehranla gələcəkdə işləməyin mümkün olub-olmadığını müəyyən etmək lazımdır. M.Kamınin demişdir: “Rusiya İranın nüvə proqramı ətrafında vəziyyətin siyasi danışıqlar yolu ilə həllinə yönəldilmiş xətti davam etdirəcək, BAEA-nın rolunun saxlanmasına, nüvə silahının yayılmaması rejiminin pozulmasına yol verməməyə çalışacaqdır. Bunun üçün biz gələcəkdə də İranla ikitərəfli əlaqələrdən, BMT Təhlükəsizlik Şurasının vasitəçiliyi ilə çoxtərəfli danışıqlar mexanizmindən istifadə etməyə hazırıq”.
Yerli KİV-lərin yazdığına görə, Tehranın rəsmi cavabından görünür ki, İran beynəlxalq sanksiyalarla hədələrə baxmayaraq, özünün nüvə proqramından imtina etməyəcəkdir.
Xatırladaq ki, “altılığa” BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələr və Almaniya daxildir.