RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB DMİTRİ MEDVEDEVƏ
Hörmətli Dmitri Anatolyeviç,
Sizi, ön və arxa cəbhə veteranlarını, dost Rusiya xalqını əlamətdar bayram - 1941-45-ci illərin Böyük Vətən müharibəsində Qələbə günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Azərbaycan və Rusiya xalqlarının dostluğu və möhkəm birliyi Hitler faşizminə qarşı mübarizənin sərt sınaqlarından şərəflə çıxmışdır. Onlar cəbhələrdə şücaət və qəhrəmanlığı, arxada əzmkarlıq və fədakar əməyi sayəsində Qələbənin qazanılmasına çox böyük töhfə vermişlər.
Əminəm ki, xalqlarımızın inkişafı naminə, sülh, sabitlik və tərəqqi naminə birgə səylərimiz bundan sonra da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluğun və mehriban qonşuluq münasibətlərinin, strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etməsi və möhkəmlənməsinin təmin olunmasına yönəldiləcəkdir.
Hörmətli Dmitri Anatolyeviç,
Rusiya Federasiyasının Prezidenti vəzifəsinə başlamağınızla əlaqədar ən səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar, bütün Rusiya xalqına sülh və əmin-amanlıq diləyirəm.
Fürsətdən istifadə edərək, Sizi münasib bildiyiniz vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 may 2008-ci il.