RUSİYA HÖKUMƏTİ SƏDRİNİN BİRİNCİ MÜAVİNİ DEMOQRAFİYA XƏRCLƏRİNƏ 195 MİLYARD RUBL İSTƏMİŞDİR
D.Medvedev demişdir ki, əhalinin azalması milli təhlükədir və bununla hərtərəfli mübarizə aparılmalıdır. O, ölkədə doğum və ölüm haqqında ən yeni məlumatları diqqətə çatdırmışdır. Məsələn, 2005-ci ildə ölənlərin sayı 2,3 milyon, doğulanların sayı cəmi 1,5 milyon olmuşdur. Rusiyalıların orta yaş həddi 65,5 ildir. Kişilər (59 yaş) qadınlardan (72 yaş), orta hesabla, 13 il az yaşayırlar. 2005-ci ildə uşaqdoğma yaşında olan hər 100 qadına cəmi 134 uşaq düşmüşdür.
D.Medvedevin sözlərinə görə, vəziyyəti yaxşılaşdırmaq üçün 195 milyard rubl məbləğində məqsədli maliyyə vəsaiti lazımdır. Bu vəsait uşaqlar üçün maddi yardımın artırılmasına, yetim uşaqların vəziyyətinin yaxşılaşdırılmasına, ikinci uşaq doğan qadınlar üçün maddi baza kapitalının yaradılmasına yönəldilməlidir.
Medvedevin fikrincə, ölkədə ailə dəyərlərinin, sağlam həyat tərzinin təbliğinə xüsusi diqqət yetirilməlidir. Rusiya vətəndaşları öz sağlamlığının qayğısına az qalırlar. Başlıca vəzifə vətəndaşların uşaq dünyaya gətirilməsinə münasibətini dəyişmək, öz sağlamlığı üçün məsuliyyətini artırmaq, uşaqlı ailələrin yaşayış səviyyəsini yüksəltməkdir.