Rusiya Prezidentinin köməkçisi: Rusiya-Azərbaycan münasibətləri konstruktiv şəkildə inkişaf edir
Moskva, 12 oktyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Astanada Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqlar aparacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib. O bildirib ki, MDB Dövlət Başçılarının Sammitində iştirak üçün Astanada səfərdə olan V.Putin oktyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcək.
Y.Uşakov xatırladıb ki, sonuncu dəfə iki dövlət başçısı Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi Sammitində görüşüb və Astanada daha ətraflı danışıqlar aparmaq barədə razılığa gəliblər.
Y.Uşakov vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri konstruktiv şəkildə inkişaf edir. Onun sözlərinə görə, danışıqlar zamanı təkcə ikitərəfli əməkdaşlıq deyil, Ermənistan-Azərbaycan münasibətləri də müzakirə olunacaq. Rusiya Prezidentinin köməkçisi ölkəsinin Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşmasına fəal və hərtərəfli kömək etdiyini diqqətə çatdırıb.
Y.Uşakov qeyd edib ki, Rusiya Azərbaycanın əsas xarici iqtisadi tərəfdaşlarından biridir. 2021-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 16,1 faiz artaraq 3,4 milyard dollar həcminə, bu ilin yanvar-avqust aylarında isə ticarətin həcmi 2,2 milyard dollara çatıb. Bu isə 2021-ci ilin müvafiq göstəricisindən 11,5 faiz çoxdur. O əlavə edib ki, Azərbaycanda 900-dən çox müştərək müəssisə fəaliyyət göstərir, Rusiyanın Azərbaycana kapital qoyuluşunun həcmi 4,5 milyard dollar təşkil edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva