Rusiya Turoperatorlar Assosiasiyasının saytında Bakı haqqında məqalə yerləşdirilib
Rusiya Turoperatorlar Assosiasiyasının saytında Bakı haqqında
məqalə yerləşdirilib
Bakı, 17 may, AZƏRTAC
Rusiyanın Turoperatorlar Assosiasiyasının “atorus.ru” saytında Azərbaycanın turizm imkanları haqqında məqalə yerləşdirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Bakıda nələri görmək olar” başlıqlı yazıda paytaxtın gəzməli-görməli yerləri haqqında məlumat yer alıb.
Məqalədə qeyd olunur ki, son vaxtlar Azərbaycanın paytaxtı Bakı şəhəri səyahətlər və həftəsonu istirahəti üçün populyar məkanlardan birinə çevrilib. Bakının dar, tarixi küçələri olan qədim İçərişəhərin qapıları geniş bulvara açılır. Bu şəhər özündə müasirliklə qədimliyi birləşdirir.
Məqalədə Heydər Əliyev Beynəlxalq Hava Limanının möhtəşəmliyindən, qeyri-adi görkəmindən söz açılır: “Bakı hər zaman turistləri heyrətləndirir. Əgər bu şəhərə gecə saatlarında gəlməli olsanız, sizi ilk qarşılayan “İşıqlı saray” adlandıra biləcəyimiz, al-əlvan işıqlarla bərq vuran Heydər Əliyev Beynəlxalq Hava Limanı olacaq. Yeni terminalın qeyri-adi, hörümçək toruna bənzər interyeri xoş təəssürat yaradır”.
Yazıda Bakıya səyahət edənlərə ziyarət edilməli 10 vacib məkan haqqında məlumat verilir. Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Dağüstü park, Dənizkənarı bulvar, Xalça Muzeyi, Qız qalası, İçərişəhər, İstiqlaliyyət küçəsi, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun turistlərin marağına səbəb olacaq ünvanlar olduğu qeyd edilir.
Heydər Əliyev Mərkəzinin möhtəşəm arxitekturası, buradan seyr edilən şəhər panoramının gözəlliyi, Dağüstü parkdan görünən mənzərə və Şəhidlər xiyabanı tarixlə müasirliyin qovuşduğu ecazkar məkanı yaddaşlara əbədi həkk edir. Qeyd olunur ki, buradakı yüksəklikdən şəhəri seyr etmək və dənizə heyran olmamaq mümkün deyil. Belə bir mənzərəni izləmək insana zövq verir. Parkdakı sərv və şam ağaclarının gözəlliyi isə rəssam fırçasından çıxan sehrli aləm kimi təqdim edilir.
Məqalədə həmçinin Dənizkənarı bulvar, Bayraq meydanı, “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi “Baku Kristal Hall”ın fotoları yerləşdirilib. Bildirilir ki, maraqlı dizaynı, eyni zamanda gün işığında və gecənin qaranlığında xüsusi rənglərlə bərq vuran “Baku Kristal Hall” - bütün bu əsrarəngiz gözəllik, Bakı gecələrini unudulmaz edir. Bulvar ərazisində yerləşən “Kiçik Venesiya”, Beynəlxalq Muğam Mərkəzi, Xalça Muzeyi də şəhərin gəzməli məkanları sırasındadır.
İçərişəhərdəki məscid və hamamların əsl tarixi yaşatdığı bildirilir, bu qədim məkanda çəkilən məşhur filmlərin adları qeyd olunur. Həmyerlimiz, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, dünya şöhrətli fırça ustası Tahir Salahovun ev-muzeyinin də İçərişəhərdə yerləşdiyi vurğulanır.
Bir sözlə, Bakının bütün gəzməli-görməli məkanlarından bəhs edən məqalə rusiyalı turistlərin təsəvvüründə paytaxtımızın möhtəşəm mənzərəsini canlandırır.
Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: