Rusiya və Azərbaycan arasında uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığa dair müzakirələr aparılmışdır
Bakı, 8 may (AZƏRTAC). Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mayın 8-də Bakıda səfərdə olan Rusiya Federasiyası Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxov ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə uşaq hüquqlarının müdafiəsi və ölkələrarası övladlığa götürmə sahələri üzrə ikitərəfli təcrübə mübadiləsi məsələləri ətrafında müzakirələr aparılmışdır.
Hicran Hüseynova övladlığa götürmə sahəsində Azərbaycan Respublikasının təcrübəsi, tətbiq edilən mexanizm, məsuliyyət məsələlərinə toxunmuşdur. Eyni zamanda, tərəflər dövlət uşaq müəssisələrində yaşayan və böyüyən, valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı danışıqlar aparmışlar.
Pavel Astaxov Rusiya Federasiyasının bu sahədə nailiyyətləri, təcrübəsi və qanunvericiliyi haqqında məlumat vermişdir. Eyni zamanda, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında sosial xarakterli layihələrin həyata keçirilməsi məsələsi müzakirə olunmuşdur.