Rusiyalı ekspert: Fransa özünü Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində iştirak imkanından məhrum etdi
Moskva, 18 noyabr, AZƏRTAC
Fransa açıq şəkildə Ermənistanın tərəfində duraraq, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində iştirakla bağlı istənilən perspektivdən özünü məhrum etdi. Separatçıların “tanınması” ilə bağlı iki il əvvəl olduğu kimi, Fransa Senatı tərəfindən bu qətnamənin qəbul edilməsinin, Praqadakı danışıqlardan bir həftə sonra Makronun Azərbaycana qarşı təxribatçı bəyanatlarının da qarşısı alına bilərdi.
Bunu rusiyalı ekspert Andrey Petrov AZƏRTAC-a açıqlamasında deyib.
“Biz görürük ki, Fransa birmənalı olaraq Ermənistanın tərəfində durur və bu, regiona ancaq yeni problemlər gətirir. Regiona balanslaşdırılmış və tərəflərə bərabər məsafədə dayanan Fransa lazımdır. Bu, region üçün müstəsna dağıdıcı hadisədir”, - deyə A.Petrov bildirib.
Rusiya-Azərbaycan Ekspert Şurasının ikinci iclasının keçirilməsinin əhəmiyyətini şərh edən A.Petrov deyib: “Ölkələr arasında münasibətlərdə ekspert dialoqunun aparılması, xüsusən də belə yüksək müttəfiqlik səviyyəsində olduqda bu, qarşılıqlı fəaliyyətin səmərəli inkişafı üçün zəruri şərtdir. Son nəticədə hakimiyyətin qəbul etdiyi qərarlar ekspert rəyinə əsaslanır. Rusiya-Azərbaycan Ekspert Şurasına hər iki tərəfdən icra və qanunverici hakimiyyətin bir çox nümayəndələri daxildir. Burada biz birbaşa və açıq dialoq aparırıq. Həqiqətən də möhkəm əlaqələrin mövcudluğuna əmin olmaq üçün məhz belə dialoq lazımdır”, - deyə ekspert izah edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva