“Sabah” – “Mançester Yunayted”: Maraqlı faktlar
Bakı, 10 sentyabr, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah” İngiltərənin “Mançester Yunayted” klubu ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, “BBC Sport” qarşılaşma öncəsi hər iki komanda ilə bağlı bir sıra maraqlı statistik göstəriciləri açıqlayıb.
Bu oyun Maykl Kerrikin “Mançester Yunayted”in baş məşqçisi kimi Çempionlar Liqasındakı ilk matçından 4 il 291 gün sonra keçiriləcək. 2021-ci ilin noyabrında “qırmızı şeytanlar” onun rəhbərliyi altında “Vilyarreal”ı 2:0 hesabı ilə məğlub edib. Məşqçinin Çempionlar Liqasındakı ilk iki oyunu arasındakı müddət yalnız Can Pyero Qasperini (8 il 4 gün), Vinçenso Montella (6 il 350 gün) və Sergey Semakdan (5 il 182 gün) daha uzun olub.
“Mançester Yunayted” son dörd avrokubok mövsümünün heç birində ilk oyunda qələbə qazana bilməyib. İngiltərə klubu bu müddətdə 1 heç-heçə edib, 3 dəfə məğlub olub. “Qırmızı şeytanlar” sonuncu dəfə 2020/2021-ci illər mövsümündə Çempionlar Liqasının startında səfərdə PSJ-ni 2:1 hesabı ilə məğlub edib.
“Sabah”ın hazırkı heyətində Çempionlar Liqasında iki dəfədən çox meydana çıxan yeganə futbolçu Velko Simiçdir. Serbiyalı yarımmüdafiəçi 2018/2019-cu illər mövsümündə “Srvena Zvezda”nın heyətində turnirdə 5 oyun keçirib. O, həmin qarşılaşmalarda qol vurmayıb və məhsuldar ötürmə ilə yadda qalmayıb. Simiçin iştirak etdiyi bu matçlarda 1 heç-heçə, 4 məğlubiyyət qeydə alınıb.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas isə Çempionlar Liqasının əsas mərhələsində komanda çalışdıran ilk litvalı mütəxəssis olacaq.
Qeyd edək ki, “Old Trafford” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.